İnarə Əliyeva: “Hədəfimiz gəncləri daha keyfiyyətli təhsil almaq üçün doğru yönləndirməkdir”

2023.05.23 11:02 (UTC+04:00)

Kiçik və orta sahibkarlıq subyektlərinə verilən vergi güzəştləri təhsil sahəsində çalışmaq istəyən iş adamlarına da stimul verir. “ARI” beynəlxalq dil və imtahan mərkəzinin təsisçisi İnarə Əliyeva “vergiler.az”a bildirib ki, gənclərin təhsil sektoruna marağının artması xidmətlərin təkmilləşdirilməsinə müsbət təsir göstərir.

Azərbaycanda təhsl sahəsində ixtisaslaşmış ARI Beynəlxalq Dil və İmtahan mərkəzi 2010-cu ildən etibarən fəaliyyət göstərir. Mərkəzdə alman, ingilis, fransız və digər bu kimi dillərin tədrisi ilə yanaşı ABŞ, Kanada, Almaniya, Türkiyə və müxtəlif Avropa ölkələrində təhsil almaq istəyən tələbələrə konsultasiya xidməti göstərilir, onlara individual olaraq ən uyğun və doğru istiqamətlənmiş yol xəritəsi təqdim edilir. Tələbələr həmçinin, yüksək ixtisaslı peşəkar müəllim heyəti tərəfindən SAT, TOEFL, IELTS kimi beynəlxalq ingilis dili imtahanlarına tam məsuliyyətlə hazırlaşırlar. Qeyd edək ki, ARI Beynəlxalq Dil və İmtahan mərkəzi alman dili üzrə beynəlxalq imtahan hesab edilən ÖSD və TELC imtahan mərkəzinin rəsmi və yeganə təmsilcisidir.

İnarə Əliyeva son illərdə Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində aparılan uğurlu siyasəti müsbət qiymətləndirib, xüsusilə qadın sahibkarlarla bağlı müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb: “Avropa ölkələri ilə bərabər layihələr icra olunur. Bunlar qadınlar üçün çox təqdirəlayiqdir. Ölkəmizdə sahibkarlara güzəştli şərtlərlə maliyyə əldə etməyə imkan yaradılıb, vergi və sosial ödənişlərlə bağlı güzəştlər tətbiq olunur. Bütün bunlar dövlətin sahibkarlığın inkişafına münasibətinin bariz nümunəsidir”.

Fərqanə ALLAHVERDİQIZI