İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), Almaniyanın Bildungswerk der Baden-Württembergischen Wirtschaft (BIWE) təşkilatının və “Festo Didactic” şirkətinin birgə təşkilatçılığı, Alman-Azərbaycan Xarici Ticarət Palatasının dəstəyi ilə “Almaniyanın Festo Didactic SE şirkəti ilə Azərbaycan arasında peşə və texniki təhsilin modernləşdirilməsi sahəsində əməkdaşlıq” mövzusunda tədbir keçirilib.
İZİA-dan “vergiler.az”a verilən məlumata görə, Azərbaycan və Almaniyanın aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və müxtəlif şirkətlərin rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə Azərbaycanda fəaliyyət göstərən peşə təhsil müəssisələrində yüksək texnologiyaların tətbiqi ilə ixtisaslı təlimlərin təşkili, alman təcrübəsinin Azərbaycan təhsil sistemində tətbiqi haqqında məlumat verilib.
Tədbirdə iştirak edən yerli və xarici mütəxəssislər “Texniki və peşə təhsili”, “Nəyə görə Almaniya ikili təhsil sistemində uğur qazanmışdır?”, “Qarışıq reallıq və virtual reallıq”, “Sənayedə sünii intellektin tətbiqi” mövzularında təqdimatla çıxış ediblər.
Daha sonra tədbir müzakirələrlə davam edib, mütəxəssislərə ünvanlanan suallar cavablandırılıb. Sonda “Rəqəmsal təhsil platforması”nın təqdimatı keçirilib.
Qeyd edək ki, BIWE təşkilatı Azərbaycan Peşə Təhsili üzrə Dövlət Agentliyi və İZİA-nın Peşə Təhsil mərkəzi ilə sıx əməkdaşlıq edərək ölkədə genişmiqyaslı İkili Peşə Təhsili Layihəsini həyata keçirir. Hazırda İZİA-nın Peşə Təhsil Mərkəzində alman tədris proqramına uyğun "İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik" ixtisası üzrə dövlət vəsaiti hesabına kadr hazırlığı həyata keçirilir.