AZSTAND və Amerika Test və Materiallar Cəmiyyəti arasında əməkdaşlığa dair müqavilə imzalanıb

2023.05.17 11:48 (UTC+04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Amerika Test və Materiallar Cəmiyyəti (ASTM) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, müqaviləyə əsasən milli standartlaşdırma qurumu olan AZSTAND ölkə ərazisində ASTM standartlarının rəsmi nəşrlərini yaymaq hüququnu əldə edib.
Metallurgiya, boya, plastik, tekstil, neft və neft məhsulları, tikinti, energetika, elektronika, ətraf mühit, istehlak malları, kompüter sistemləri, tibbi xidmətlər və daha bir çox sahəni əhatə edən ASTM standartlarının Azərbaycanda tətbiqi ölkə daxilində istehsal olunan məhsulların, göstərilən xidmətlərin və onunla bağlı proseslərin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.

Qeyd edək ki, 1898-ci ildə yaradılan Amerika Test və Materiallar Cəmiyyəti materiallar, məhsullar, sistemlər və xidmətlər üçün könüllü standartlar hazırlayan və nəşr edən beynəlxalq təşkilatdır. Hazırda dünya üzrə 12 800-dən çox ASTM standartları tətbiq olunur.