Fiskal yığımların artımı əməkhaqqı fondunun böyüməsi ilə bağlıdır. Əməkhaqqı fondu artanda həm işsizliklə bağlı sığorta haqları, həm də icbari tibbi sığorta ödənişləri çoxalır.
Bu fikri professor Elşad Məmmədov son dövrlərdə sosial ödəmə daxilolmalarının artmasını “vergiler.az”a şərh edərkən səsləndirib. Onun sözlərinə görə, ölkədə əməkhaqqı fondunun artması, əhalinin sosial müdafiə sisteminin təkmilləşdirilməsi, gücləndirilməsi hökumətin daimi prioritetlərindəndir.
“Son illərdə sosial müdafiə sistemində şəffaflığa nail olunması və sistemin resurslarının dövlət başçısının iradəsi əsasında sosial xərclərə istiqamətləndirilməsi, şübhəsiz ki, iqtisadiyyatda öz müsbət nəticələrini göstərməkdədir. Bu nəticələrdən biri fiskal yığımların artması, fiskal bazanın genişlənməsidir. Bir tərəfdən şəffaflaşma sayəsində əlavə resurslar əldə olunur, əməkhaqqı fonduna ödənişlər artır. Digər tərəfdən isə “kölgə iqtisadiyyatı” ilə mübarizə çərçivəsində faktiki ödənişlərin bazası böyüyür. İqtisadiyyatın “ağardılması” bunun üçün müvafiq zəmin yaratmış olur”.
E.Məmmədov pensiyalarda, sosial ödənişlərdə, əməkhaqqında artımların digər bir effektinə də diqqət yönəldib: insanlar psixoloji nöqteyi-nəzərdən hüquqi çərçivələr zəminində işləməyə üstünlük veririlər. “Çünki əməkhaqqı və pensiyalar, digər sosial ödənişlər aşağı olanda qeyri-leqal işləmək daha geniş yayılmış olur. Son beş ildə ölkədə iş yerləri ilə bağlı əmək bazarındakı müsbət trendlərin gücləndiyini görürük. Bu trendlər həm də sosial ödənişlərə öz təsirini göstərir. Əməkhaqqı və pensiyalardakı kəskin artım işə qəbul zamanı əmək müqaviləsi bağlamaq üçün stimul vermiş olur. Bütün bunlar, sözsüz ki, ölkədə həyata keçirilən effektiv, mütərəqqi və şəffaf sosial siyasətdəki müsbət trendlərin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir”, - professor E.Məmmədli vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 625 milyon manata çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz və ya 176,1 milyon manat çoxdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1 milyard 37,7 milyon manat təşkil edib.
Bundan başqa, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 17,6 faiz artıb.