Qoyuluş gücü 230 MVt olan “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) tikildiyi əraziyə yolların çəkilməsi başa çatdırılıb, günəş panellərinin quraşdırılacağı ərazi hasarlanaraq düzləşdirilib.
“vergiler.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, ərazidə hər iki üzü elektrik enerjisi istehsal edə bilən və hər birinin gücü 545-550 Vt olan 500 mindən çox günəş panelinin quraşdırılması planlaşdırılır. Artıq panellər tədricən sahəyə gətirilir, onların təmizlənməsi üçün avtomatlaşdırılmış qurğular sınaqdan keçirilir.
Bununla yanaşı, 330/35 kV-luq yarımstansiyanın tikintisi davam etdirilir. Tək oxlu günəş izləmə sistemi ilə təchiz olunacaq stansiya cari ilin sonuna qədər istismara veriləcək.