Sosial ödəmələr üzrə daxilolmalar artıb

2023.05.15 12:21 (UTC+04:00)

2023-cü ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 625 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz və ya 176,1 milyon manat artıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata əsasən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1 milyard 37,7 milyon manat təşkil edib.

Bildirilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 56,7 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artıb və 41,8 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 291,5 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,1 faiz artıb və 204,3 milyon manat təşkil edib.