Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 16,2 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 8,8 milyard kubmetri “Şahdəniz”dən, 3 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, və ya 411 milyon kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 8,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında Avropaya 3,9 milyard kubmetr, Türkiyəyə 3,4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 1,9 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2023-cü il tarixinədək AÇG-dən 208 milyard kubmetr, “Şahdəniz”dən isə 192 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 135 milyard kubmetrə yaxını ixraca nəql edilib.