Əlcəzair və Azərbaycan arasında enerji sahəsində mövcud olan güclü əlaqələr daha yaxşı gələcək təmin edə bilər. Bunu “vergiler.az”a əlcəzairli iqtisadçı ekspert, Ərəb-Afrika İnvestisiya və İnkişaf Mərkəzinin (CAAID) prezidenti Amin Butalbi deyib.
“Dünya hazırda enerji böhranı içərisindədir. Bu, Əlcəzairlə Azərbaycanın siyasi və iqtisadi tərəfdaşlığına yeni imkanlar yaradır”, - Amin Butalbi vurğulayıb.
Ekspert qeyd edib ki, hər iki ölkənin enerji sektorunda təcrübə mübadiləsi baxımından çox böyük potensialı var. Məsələn, Əlcəzairin enerji şirkətlərinin rəhbərlərinin çoxu keçmişdə Azərbaycanda ali təhsil alıb.
“Ölkələr arasında mövcud əməkdaşlıq xüsusilə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində cəmləşib. İndiyədək iki ölkə arasında dörd iqtisadi saziş imzalanıb. Hər iki ölkədə təhsil sisteminin gücləndirilməsinə xüsusi diqqət yetirilir ki, bu, çox vacibdir ”, - Amin Butalbi əlavə edib.
O, Əlcəzairin enerji şirkəti ilə SOCAR arasında sazişi xüsusi qeyd edib. “Bu müqavilənin böyük gələcəyi var, yaxın aylarda qüvvəyə minəcək və iki ölkə arasında enerji sahəsində ticarət əlaqələrinin inkişafına kömək edəcək. Biz iki ölkə arasında mədəni irsə söykənən qardaşlıq və əməkdaşlıq körpülərinin qurulmasının məsuliyyətini və ortaq maraqlarımızı dərk edirik”, - ekspert bildirib.
Tamilla MƏMMƏDOVA