Gəmilərin inşasında SKSP istehsalı olan kabellərdən istifadə ediləcək

2023.05.08 10:59 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

İZİA-dan “vergiler.az”a verilən məlumata görə, sənədə əsasən, Bakı Gəmiqayırma Zavodunda hazırlanan gəmilərin inşasında "STP" MMC-yə daxil olan “STP Global Cable” MMC tərəfindən istehsal edilən kabellərdən istifadə ediləcək.

İlkin mərhələdə "Bakı Gəmiqayırma Zavodu" MMC tərəfindən “STP Global Cable” MMC-dən müxtəlif parametrli və sertifikatlı - 0.6/1KV yanğına davamlı ekranlı güc və aydınlatma, 250V individual ekranlı xəbərləşmə və kontrol, Cat 6A SFTP (individual olaraq daxilindəki tellər izolasyalı), Rg59/u+2x0.75 (antena və güc kabeli birlikdə olan) – kabelləri alınacaq.

Qeyd edək ki, indiyədək "Bakı Gəmiqayırma Zavodu" MMC tərəfindən gəmilərin hazırlanması zamanı istifadə edilən kabellər xarici ölkələrdən idxal edilirdi.