İnvestisiya məqsədli pul nişanları yerli xammal əsasında hazırlanıb

2023.05.05 14:44 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) ilk dəfə tədavülə buraxdığı investisiya məqsədli pul nişanları yerli xammal əsasında hazırlanıb.

"vergiler.az" xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, qızıl sikkələr 999,9 əyarlı qiymətli metaldan hazırlanıb və onları həm AMB-nin, həm də yerli bankların kassalarından almaq mümkün olacaq. Eyni zamanda, onlayn satışlar da mümkündür.

"Sikkələrin qiyməti London birjasında qızılın qiymətinə uyğun olaraq gündəlik əsasda dəyişəcək. Onun dəyəri isə AMB-nin internet səhifəsində gündəlik açıqlanacaq və qızılın dəyərinə uyğun hesablanacaq", - deyə A.Vəliyev əlavə edib.

Baş direktor bildirib ki, investisiya məqsədli qızıl sikkələri həm yerli, həm də xarici vətəndaşlar əldə edə biləcəklər. Sikkələr bir neçə unsiyada olacaq: “Bir unsiyalıq 31,1 qramlıq kütləyə malik olacaq. Yarım unsiyalıq, dörddə bir unsiya, onda bir unsiya və s. çəkidə təqdim ediləcək. Əvvəlki illərdən və xatirə pul nişanlarından fərqli olaraq, investisiya məqsədli pul nişanlarında geri alış mexanizmləri müəyyən olunub. Bu də həmin nişanları daha cəlbedici edəcək”.

A.Vəliyev investisiya məqsədli qızıl pul nişanlarının gələcəkdə də yerli qızıldan hazırlanacağını deyib. Onun həcmi isə limitsiz, tələbata uyğun müəyyən ediləcək.

Qeyd edək ki, Mərkəzi Bank ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarını 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxacaq.