Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun uzadılması nəticəsində Azərbaycandan keçən tranzit yükdaşımaların həcmi kəskin şəkildə artacaq.
Bunu “vergiler.az”a TRACECA-nın Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib.
Azərbaycanın BTQ-nin uzadılması üçün 140 milyon dollar məbləğində vəsait ayırdığını xatırladan R.Bayramovun sözlərinə görə, 2022-ci ildən - Rusiya-Ukrayna müharibəsi başlayandan Rusiya üzərindən keçən bir çox daşımalar Azərbaycanın üzərindən həyata keçirilib: “Bu da özlüyündə bəzi çatışmazlıqların yaranması, sərhəddə gözləmələrin çoxalması ilə nəticələnirdi”.
R.Bayramov hesab edir ki, bunun aradan qaldırılması üçün BTQ dəmir yolunun, ələlxüsus da Gürcüstan - Türkiyə sərhədində infrastrukturun genişləndirilməsi üçün işlər görülməlidir: “Azərbaycanın ayırdığı 140 milyon dollar da bu işə yönəlib. İnfrastrukturun qaydaya salınması və sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi nəticəsində Orta Asiya-Çin-Avropa və əks-istiqamət üzrə Azərbaycandan keçən tranzit yükdaşımaların həcmi kəskin dərəcədə artacaq. İlkin mərhələdə dəmir yolu ilə 5-6 milyon ton tranzit yükünün keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələlərdə yükdaşımaların həcmi 10-15 milyon tona qədər artacaq. Bunlar, təbii ki, Azərbaycanın BTQ dəmir yolundan kifayət qədər faydalanmasına imkan verəcək”.
Xatırladaq ki, Azərbaycan BTQ dəmir yolunun Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılması üçün 140 milyon dollar ayırıb.
İlhamə İSABALAYEVA