Son 3 ildə işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə 6,6 milyard dollardan çox vəsait sərf edilib.
“vergiler.az” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 56-cı İllik Toplantısı çərçivəsində keçirilən biznes sessiyada çıxış edərkən nazir Samir Şərifov deyib.
O, regionun strateji coğrafi mövqeyinə görə böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.
Toplantı çərçivəsində S. Şərifov bir sıra ikitərəfli görüşlər keçirib. Nazir AİB-in prezidenti Masatsuqu Asakava ilə görüşdə ölkənin iqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən islahatlar, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.
S.Şərifov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə nəqliyyat dəhlizlərinin inkişafı regional əməkdaşlıq və inteqrasiya səylərinə böyük təkan verəcək və bununla da regionda uzunmüddətli sülh və tərəqqiyə nail olunacaq. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji” zonalarının və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi üçün böyük potensial var və bununla da gələcəkdə Avropaya, o cümlədən region ölkələrinə enerji təchizatının həyata keçirilməsində Azərbaycan əhəmiyyətli rol oynayacaq.