2023-cü ilin I rübünün nəticələrinə görə fiziki şəxslərin banklara əmanət etdiyi vəsaitlərin həcmində artım olub. “vergiler.az” xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev açıqlayıb. Onun sözlərinə görə, fiziki şəxslərin əmanətlərinə tətbiq edilən vergi tələbi vətəndaşların banklara depozit yerləşdirməsinə mənfi təsir etməyib:
“Bu il fevral ayının 1-dən əmanətlərdən əldə edilən faiz gəlirlərinə vergi tələbi qüvvəyə minib. Bizim təhlillərimiz onu göstərir ki, həmin tələbə baxmayaraq fiziki şəxslərin həm ümumi əmanətlərində, həm də müddətli əmanətlərində həcmlər artım nümayiş etdirir. I rübün nəticələrinə və aprel ayının operativ nəticələrinə görə də bu artım dinamikası davam etməkdədir”.
Qeyd edək ki, bu ilin yanvar ayında fiziki şəxslərin depozitlərinin ümumi həcmi 11 milyard 686,8 milyon manat olub. Əmanətlərə tətbiq olunan vergi tələbindən sonra - martda bu rəqəm artaraq 11 milyard 719,5 milyon manata çatıb.