Ahmet Burçin Yereli: “Azərbaycan Türkiyənin ilk 10 xarici ticarət tərəfdaşından birinə çevrilə bilər”

2023.05.02 14:25 (UTC+04:00)

“Türkiyə və Azərbaycan prezidentlərinin qarşıya qoyduğu illik 15 milyard dollarlıq xarici ticarət hədəfi reallaşdıqda, Azərbaycan Türkiyənin ilk 10 xarici ticarət tərəfdaşından birinə çevriləcək ki, bununla da hər iki ölkənin bazarları çox mühüm mərhələyə qədəm qoyacaq”.

Bunu “vergiler.az”a Türkiyənin Hacettepe Universitetinin professoru Ahmet Burçin Yereli deyib.

Onun sözlərinə görə, Türkiyə aylıq 60 milyard dollara yaxınlaşan xarici ticarət həcmi ilə qlobal ticarətin mühüm oyunçularından birinə çevrilib: “Bununla belə, hələ ki, Türkiyə ilə Azərbaycan arasındakı ticarətin həcmi arzu edilən səviyyədən aşağıdır. Türkiyənin ən sıx ticarət etdiyi 20 ölkənin əksəriyyəti ya Türkiyənin sərhəd qonşuları, ya da region ölkələridir. Azərbaycanın bu sıralamaya daxil olması üçün atılan son addım iki ölkə arasında güzəştli ticarətə dair sazişin əhatə dairəsinin genişləndirilməsi olub”.

A.B.Yereli əlavə edib ki, 2022-ci ilin sonunda 6,4 milyard dollarlıq səviyyəyə çatan illik xarici ticarət həcmi hər iki ölkənin potensialı baxımından yetərli deyil. Türkiyə və Azərbaycan beynəlxalq münasibətlərdə qardaşlıq hüququnu ön planda tutur və bu baxımdan xarici ticarət həcminin arzu olunan hədəflərə çatması üçün qarşılıqlı ticarət əlaqələri genişləndirilməlidir: “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında Protokol”un imzalanması bu istiqamətdə atılmış mühüm addımdır. Türkiyə ilə Azərbaycan arasında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində “Türkiyə-Azərbaycan Güzəştli Ticarət Sazişi” imzalanıb və sənəd 2021-ci il martın 1-dən qüvvəyə minib. İlk növbədə ərzaq və kənd təsərrüfatı məhsullarını əhatə edən razılaşma artıq 2 ildir uğurla həyata keçirilir və razılaşmanın əhatə dairəsinin genişləndirilməsi zərurəti ortaya çıxıb. Ərzaq və kənd təsərrüfatı məhsullarından kənara çıxan əməkdaşlıq çox qısa müddətdə ticarət həcminin kəskin artmasına töhfə verəcək”.

İqtisadçı alim qeyd edib ki, son illər Türkiyə və Azərbaycan ticarət infrastrukturunu gücləndirmək üçün ciddi sərmayələr yatırıb: “Magistral quru və dəmir yolu infrastrukturunun yenilənməsi, yeni yolların açılması, ən əsası isə işğal altında olan ərazilərin işğaldan azad edilməsi, buradakı infrastrukturun bərpası ilə ikitərəfli əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi istiqamətində strateji addımlar atılıb. Türkiyə və Azərbaycan bazarları hər iki ölkədən gələn malların sərbəst hərəkətinə açılarsa, qarşılıqlı əməkdaşlıq təkcə ticarət səviyyəsində olmayacaq, həm də sənaye kooperasiyasına çevriləcək. Bu əməkdaşlıq təkcə sahibkarların Türkiyə və Azərbaycandakı sərmayələri ilə məhdudlaşmayacaq. Əməkdaşlığın hüdudları gələcəkdə digər dövlətlərə doğru genişlənəcək ki, bu da ölkələrimizin uzunmüddətli strateji əməkdaşlığının qlobal gücə çevrilməsinə şərait yaradacaq”.

İlhamə İSABALAYEVA