KOB-ların məhsulları sərgilərdə təqdim olunacaq

2023.04.28 10:59 (UTC+04:00)

KOB subyektlərinin məhsullarının tanıdılmasına dəstək məqsədilə “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində xüsusi stend qurulacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, sərgilər 17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgilərdə bitkiçilik, baytarlıq, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, suvarma avadanlıqları, qənnadı, ət, meyvə-tərəvəz, süd məhsulları, şirələr, çay, tütün və digər qida məhsulları və müvafiq sahədə xidmətlər təqdim ediləcək.

Əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək. Belə ki, sərgilərdə KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq.

Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar 7 may 2023-cü il tarixinədək aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Agro” və ya “İnterFood Azerbaijan” qeyd olunmalıdır) müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1