Vüqar Bayramov: “Nazirlər Kabinetinin Qərarı sahibkarlar üçün prosedurları asanlaşdırır”

2023.04.27 12:21 (UTC+04:00)

Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli Qərarı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi sahibkarların xərclərini minimuma endirməyə və optimallaşdırmağa imkan verir.

Bunu “vergiler.az”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, bu Qərar sahibkarlar üçün yeni imkan kimi dəyərləndirilməlidir: “Qərarın özəlliyi ondan ibarətdir ki, iki halda malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmin olunacaq. Bu da prosedurların asanlaşdırılması anlamına gəlir. Malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi olduqda və ya xidmət göstərilmə məqsədilə xarici mallar daxildə emal xüsusi gömrük proseduru altında yerləşdiriləcək. Bu, sahibkarlar üçün həm prosedurların asanlaşması baxımından vacibdir, həm də malların daha asan şərtlərlə daxildə emal xüsusi prosedur altında yerləşdirilməsinə imkan yaradacaq”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq, ixracyönümlü yerli istehsalı artıra biləcək güzəştli gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Bu kontekstdə “daxildə emal” xüsusi gömrük prosedurunun istifadə şərtlərinin sadələşdirilməsi xüsusi önəm kəsb edir.

İlhamə İSABALAYEVA