Con Linus: “Azərbaycan və Keniya arasında iqtisadi əlaqələrdə müsbət dinamika davam edir”

2023.04.27 11:19 (UTC+04:00)

Azərbaycan ilə Keniya arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri də İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasıdır.
Bunu “vergiler.az”a keniyalı iqtisadçı ekspert, Hult Prize Universitetinin əməkdaşı, Yaşıl Dünya Fondunun təsisçisi Con Linus deyib.

Onun sözlərinə görə, bu komissiya ikitərəfli əlaqələrin, xüsusən də ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün nəzərdə tutulub. Bundan əlavə, iki ölkə arasında təhsil, mədəniyyət və turizm kimi müxtəlif sahələrdə əlaqələrin gələcəkdə daha da dərinləşməsinə kömək edəcək sazişlər imzalanıb.

“3 mart 2023-cü ildə Keniya Nazirlər Kabinetinin Baş katibi Musalia Mudavadi Azərbaycana səfər edərək Qoşulmama Hərəkatının Zirvə Toplantısı zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb.
Hazırda Azərbaycan və Keniya müxtəlif iqtisadi sahələrdə fəal əməkdaşlıq edir, ölkələr arasında ticarət dövriyyəsi sabitdir. Son illərdə bu ölkələr bir neçə saziş imzalamaqla və yüksək səviyyəli görüşlər keçirməklə iqtisadi əlaqələrini dərinləşdirməyə çalışır”, - ekspert əlavə edib.

C.Linus qeyd edib ki, Azərbaycan və Keniya humanitar sahədə fəal əməkdaşlıq edir, Azərbaycan Keniyaya COVID-19 pandemiyası ilə mübarizə üçün dərman və tibbi avadanlıqlarla humanitar yardım göstərib.

“Ümumiyyətlə, Azərbaycan və Keniya arasında ikitərəfli iqtisadi əlaqələr müsbət dinamikasını davam etdirir və gələcəkdə davamlı səylərlə biznes sahəsində əlaqələrin dərinləşəcəyi gözlənilir”, - Con Linus vurğulayıb.

Tamilla MƏMMƏDOVA