Gürcüstanla dövlət satınalmaları üzrə əməkdaşlıq əlaqələri müzakirə olunub

2023.04.20 10:59 (UTC+04:00)

Gürcüstanın Dövlət Satınalmaları Agentliyinin dəvəti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Gürcüstana səfər edib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, səfər çərçivəsində Dövlət Xidmətinin nümayəndələri “Gürcüstanda davamlı dövlət satınalmaları konsepsiyasının tətbiqi: tətbiq alətləri, icra çətinlikləri və ən yaxşı beynəlxalq təcrübələr” mövzusunda seminarda iştirak edib.

Seminar ABŞ-ın Ticarət Departamenti Kommersiya Hüququnun İnkişafı Proqramı çərçivəsində təşkil edilib.

Səfər zamanı Dövlət Xidməti əməkdaşlarının Gürcüstandan olan həmkarları ilə ikitərəfli görüşü keçirilib, Gürcüstanın Dövlət Satınalmaları Agentliyi ilə dövlət satınalmaları üzrə əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.