Edvard Mvaba Ndalama: "Azərbaycanın Afrika ölkələri ilə iqtisadi əlaqələri inkişafın ilkin mərhələsindədir"

2023.04.19 11:07 (UTC+04:00)

Bu fikirləri “vergiler.az”a Biznesin Davamlılığı və İnnovasiyalar Mərkəzinin Afrika üzrə prezidenti Edvard Mvaba Ndalama deyib.

O, qeyd edib ki, bəzi Afrika ölkələri ilə Azərbaycan daha sıx əlaqələr qurub və ya iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal iş aparılır.

“Azərbaycan qitənin ən böyük iqtisadiyyata malik ölkələrindən biri olan Cənubi Afrika Respublikası ilə daha sıx əlaqələr qurmağa çalışır. İki ölkə arasında əməkdaşlıq enerji, ticarət və kənd təsərrüfatı kimi sahələrdə cəmləşib.

Bununla yanaşı, Şimali Afrikanın aparıcı iqtisadiyyatlarından olan Misir Azərbaycanla enerji, turizm və kənd təsərrüfatı da daxil olmaqla müxtəlif sektorlarda əməkdaşlıq edir. Ölkələr ikitərəfli ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üzərində işləyir”, - ekspert bildirib.

Onun sözlərinə görə, Əlcəzair və Azərbaycan enerji sektorunda, xüsusilə neft və qazın kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlıq edir. Nigeriya Azərbaycanla əməkdaşlığa maraqlıdır. Bu ölkələr iri neft və qaz istehsalçılarıdır və onların əməkdaşlığı enerji sənayesini gücləndirməyə yönəlib.

“Azərbaycan kənd təsərrüfatı, turizm və bərpa olunan enerji kimi sektorlara diqqət yetirərək Mərakeş ilə daha güclü iqtisadi əlaqələr qurmaq əzmindədir. İki ölkə arasında ikitərəfli ticarətin və investisiyaların həcmi artır”, - ekspert vurğulayıb.

Tamilla MƏMMƏDOVA