Milli daşıyıcıların beynəlxalq bazarda payları əsaslı dərəcədə artırılacaq

2023.04.19 10:24 (UTC+04:00)

Avropa nəqliyyat nazirləri konfransının (Beynəlxalq Nəqliyyat Forumunun) beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycanda tətbiqinə dair qərar qəbul edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, Keyfiyyət Xartiyasının Azərbaycanda tam tətbiq edilməsi ilə işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən operatorların və peşəkar sürücülərin beynəlxalq yük daşımalarına cəlb edilmələri təmin ediləcək. Milli daşıyıcıların beynəlxalq daşımalar bazarında, xüsusilə Avropa ölkələri istiqamətində daşımalarda payları əsaslı dərəcədə artırılacaq və beynəlxalq səviyyədə rəqabətə daha dayanıqlı olmaları təmin ediləcək.

Qeyd edək ki, Beynəlxalq Nəqliyyat Forumu tərəfindən verilən çoxtərəfli və çoxdəfəli illik icazələrlə Azərbaycanda qeydiyyata alınan beynəlxalq yükdaşıma fəaliyyəti göstərən operatorlar tərəfindən 43 Avropa ölkəsinə və əksinə davamlı yükdaşıma fəaliyyəti həyata keçirilir.