Bakı Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları üçün xidmət növləri üzrə pilot rejimində inteqrə edilmiş xüsusi mərkəz yaradılıb.
Dövlət Gömrük Komitəsindən “vergiler.az”a verilən məlumata görə, mərkəzdə göstərilən bütün xidmətlər elektron növbə sistemi əsasında “Bir pəncərə” prinsipi ilə həyata keçirilir. Vətəndaşlar burada bəyannamələrin doldurulması, müvafiq gömrük ödənişlərinin ödənilməsi, rəsmiləşdirilmə prosesində yaranan çətinliklərin aradan qaldırılması, sənədlərin tərtib olunması, məlumatlandırma xidmətlərindən yararlana biləcəklər.
Mərkəzdə digər dövlət qurumları - Dövlət Vergi Xidməti, KOBİA, AQTA ilə bağlı əməliyyatları da həyata keçirmək mümkündür.
Tətbiq edilən yenilik gömrük rəsmiləşdirilməsi prosesinin çevik şəkildə aparılmasına, xarici ticarət iştirakçılarının vaxta qənaət etməsinə, vətəndaş-məmur münasibətlərində qarşılıqlı etimadın artırılmasına şərait yaradacaq.