Bu il martın 31-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 9 faiz artaraq 53 437,6 milyon dollar təşkil edib.
Fonddan “vergiler.az”a verilən məlumata görə, cari ilin ilk rübündə ARDNF-nin büdcə gəlirləri 7 643,3 milyon manat, büdcə xərcləri isə 1 584,3 milyon manat olub.
Hesabat dövründə neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 596,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 829,9 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat təşkil edib.
Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 2 047,3 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirlər isə 1 427,6 milyon manat təşkil edib.