Cəmlənmiş uçot qaydasında çalışan işçiyə artıq iş saatlarına görə ödənişlər

2023.04.20 09:41 (UTC+04:00)

Cəmlənmiş uçotla işləyən işçiyə əvvəlki aylarda aylıq normadan çox işlədiyi saatlara görə ödəniş olunarkən 1 saata düşən əməkhaqqı necə hesablanmalıdır? "vergiler.az"ın sualına əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən, iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.

İş vaxtının cəmlənmiş uçotu qaydasında çalışan işçiyə seçilmiş qeydiyyat dövrünün sonunda qeydiyyat dövründəki normadan artıq çalışılmış saatlara görə əməkhaqqı isə Əmək Məcəlləsinin 165-ci maddəsinin birinci bəndində nəzərdə tutulmuş formada ödənilir. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqının ödənilməsi bu qayda çərçivəsində həyata keçirilir:

- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

- əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Bu halda sual yaranır: 1 saata düşən əməkhaqqını tapmaq üçün əməkhaqqı ödəniş olunan ayın normasına, yoxsa illik normaya bölünməlidir?

Misal: Cəmlənmiş uçotla işləyən və yanvar-iyul aylarından 50 saat artıq saatı yığılmış işçi 31 avqust 2023 tarixində işdən çıxır. Hər ay aylıq normadan artıq işləmiş və müqavilədə göstərilən əməkhaqqını almış işçinin müqavilə üzrə aylıq əməkhaqqı 500 manatdırsa, artıq işlədiyi 50 saata görə ona nə qədər ödəniş hesablanacaq?

Qeyd edək ki, iş vaxtının cəmlənmiş uçotu qaydasında yuxarıdakı nümunəyə uyğun çalışan işçinin əlavə iş saatlarına görə əməkhaqqını tapmaq üçün işlənmiş aylar üzrə tarif maaşını işlənmiş ayların istehsalat normasına bölərək bir saata düşən əməkhaqqını tapmaq lazımdır.

Aylar

Faktiki işlənmiş saatlar

Aylıq iş vaxtı norması

Fərq

Aylıq tarif maaşı

Aylıq ödənilmiş

Yanvar

150

143

7

500

500

Fevral

166

160

6

500

500

Mart

146

135

11

500

500

Aprel

150

143

7

500

500

May

170

167

3

500

500

İyun

150

142

8

500

500

İyul

170

168

2

500

500

Avqust

190

184

6

500

500

1.292

1.242

50

4.000

4.000

4.000:1.242 = 3,22 manat.

Deməli, bir saata düşən əməkhaqqı 3,22 manat olacaq.

İşçi 50 saat artıq çalışdığı üçün artıq işlənmiş saatlara görə əməkhaqqı aşağıdakı formada hesablanacaq:

50 x 3,22 = 161 manat;
161 x 2 = 322 manat.

Deməli, yuxarıdakı nümunəyə uyğun çalışan işçiyə iş vaxtından artıq çalışan işçiyə əlavə 50 saata görə 322 manat əlavə əməkhaqqı ödəniləcək.