Pərakəndə ticarət dövriyyəsində artım qeydə alınıb

2023.04.14 14:25 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13,0 milyard manatlıq, o cümlədən 7,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

vergiler.az” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,1 faiz artıb.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 faizini təşkil edib. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2023-cü ilin ilk üç ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,1 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz, bazar və yarmarkalarda 3,5 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 427,9 manatlıq, o cümlədən 244,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 183,5 manatlıq qeyri-ərzaq malları alıb.