Əsas kapitala yönəldilən vəsaitin həcmi 40 faizdən çox artıb

2023.04.14 13:00 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında əsas kapitala 3523,1 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz çox vəsait yönəldilib.

vergiler.az” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 23,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 51,7 faiz artıb.

İstifadə olunan vəsaitin 1941,3 milyon manatı və ya 55,1 faizi məhsul istehsalı sahələrinə, 1396,5 milyon manatı (39,6 faizi) xidmət sahələrinə, 185,3 milyon manatı (5,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 2577,3 milyon manatını və ya 73,2 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitlərin 2517,5 milyon manatı və ya 71,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,8 faiz, büdcə vəsaitləri 39 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 4,1 faiz, sair vəsaitlər isə 4,7 faiz təşkil edib.