Həm pandemiya dövründə, həm də pandemiyadan əvvəl və sonra dövlətin sahibkarlara göstərdiyi dəstək mexanizmləri sahibkarları qane edir.
Bunu “vergiler.az”a dam örtüklərinin istehsalı, pərakəndə və topdan satışı ilə məşğul olan “ELC-M” MMC-nin təsisçisi Elman Quliyev deyib.
O, bir sahibkar olaraq daim dövlətdən dəstək gördüyünü, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondundan bir necə dəfə kredit aldığını bildirib.
Bəzi işbaz şirkətlərin qanunsuz fəaliyyət göstərmək, vergidən yayınmaq cəhdlərinin bazarda rəqabət mühütinə problemlər yaratdığını deyən sahibkar Azərbaycanda “kölgə iqtisadiyyatı”ndan çıxmaq, vergilərin toplanılmasını təmin etmək istiqamətində dövlət səviyyəsində görülən işləri də alqışlayır: “10-11 nəfər işçi ilə çalışıram, işçilərlə əmək müqavilələri bağlamışam. Satışımız, idxalımız şəffafdır. Özümüz malı idxal edirik, bazarda satırıq. Məqsədimiz zavoddan birbaşa satış üzrə daimi müştəri toplamaq, vergiləri vaxtlı-vaxtında ödəyərək düzgün işləmək, inkişaf etməkdir”.
E.Quliyev qeyd edib ki, istehsal üçün tələb olunan xammalı Koreya, Türkiyə və Çindən idxal edirlər. İstehsal göstəriciləri isə hava şəraitindən asılı olaraq, dəyişir. Adətən, ay ərzində 200-260 ton məhsul istehsal edirlər: “Hazırda bazarda məhsulumuza tələbat bu qədərdir, istehsal gücümüz isə daha çoxdur. Hələ ixracımız yoxdur, pərakəndə satışa üstünlük veririk və satdığımız mala zəmanət veririk”.
E.Quliyev işğaldan azad olunmuş Qarabağda daxili bazarın tələbatının ödənilməsinə yönəlmiş, eləcə də ixrac yönümlü istehsal üzrə müəyyən işlər görməyi planlaşdırdıqlarını bildirib.
İlhamə İSABALAYEVA