Jeroyen Reynenberq: “Biznes ictimaiyyəti arasında dialoqu genişləndirmək məqsədilə səylər artırılmalıdır”

2023.04.14 10:54 (UTC+04:00)

Bu günə kimi Azərbaycanda 90 İndoneziya şirkəti qeydiyyatdan keçib. Onlardan bəziləri işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə iştirak etmək üçün müraciət edib.

Bunu “vergiler.az”a indoneziyalı iqtisadiyyat eksperti, SBDI (Biznesin Davamlı İnkişafı və İnnovasiyalar) Mərkəzinin təsisçisi Jeroyen Reynenberq deyib.

O, qeyd edib ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 500 milyon dollar olub.

“İki ölkə arasında ticarət əməliyyatlarının böyük hissəsi Azərbaycandan İndoneziyaya xam neft ixracınının payına düşüb. Bildiyiniz kimi, İndoneziya Azərbaycan xam neftinin əsas alıcılarından biridir. Azərbaycan isə İndoneziyadan palma yağı, maşın və avadanlıq idxal edir”, - J.Reynenberq əlavə edib.

Ekspertin sözlərinə görə, hər iki hökumət biznes ictimaiyyəti arasında dialoqu genişləndirmək məqsədilə səyləri artırmalıdır.

“İqtisadiyyatdan danışarkən siz müxtəlif kateqoriyaları nəzərdə tutursunuz, məsələn, səmərəlilik, layihələr, investisiyalar və s. Ona görə də İndoneziya və Azərbaycan hökumətləri ilk növbədə iş adamlarının və investorların xarici sərmayələr yatırmaq üçün yerinə yetirməli olduqları şərtlər barədə məlumatlılığını artırmalıdırlar”, - ekspert bildirib.

O, həmçinin ikitərəfli investisiya müqaviləsinə dair danışıqların aparılmasının vacibliyini vurğulayıb.

Tamilla MƏMMƏDOVA