Standartlaşdırma üzrə texniki komitələrin fəaliyyəti təkmilləşdiriləcək

2023.04.14 09:39 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitənin (AZSTAND/TK 37) növbəti iclası keçirilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, iclasda Azərbaycan Standartlaşdırma İnstitutunun, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “AzerGold” QSC-nin, Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun nümayəndələri iştirak ediblər.

İclasda AZS ISO/IEC GUİDE 2-2012 (ISO/IEC GUIDE 2:2004) “Standartlaşdırma və əlaqəli fəaliyyətlər. Ümumi lüğət”, AZS 1.4:1996 “Azərbaycan Respublikasının Standartlaşdırma Sistemi. Müəssisə standartları Ümumi müddəalar”, AZS 1.6:1996 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Sahə standartlarının işlənib hazırlanması, razılaşdırılması, təsdiq edilməsi və qeydiyyatı qaydaları” dövlət standartlarının dövri yoxlamalarının nəticələri haqqında qərar qəbul edilib.

“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələrək beynəlxalq təcrübə nəzərə alınmaqla, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.