Roman Qaraşov: “Anbarda olan məhsullar satış platformaları ilə tam eynilik təşkil etməlidir”

2023.04.14 09:46 (UTC+04:00)

“Son vaxtlar ölkəmizdə müəyyən platformalar yaradılır ki, onlar müxtəlif mağazaların məhsullarının satışını həyata keçirirlər. Həmin platformalar məhsulun satışı üçün sifarişi qəbul edir, lakin sifariş qəbul olunduqdan sonra məlum olur ki, anbarda həmin məhsullar ya tükənib, ya da istənilən rəngli məhsul yoxdur. Hesab edirik ki, bu, istehlakçıların məlumat almaq hüququnun pozulmasıdır və göstərilən xidmətin keyfiyyətsizliyinə dəlalət edir”.

Bunu “vergiler.az”a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib.

Onun sözlərinə görə, istehlakçıların aldadılmaması üçün həmin platformalar müəyyən informasiya texnologiyaları həlləri tətbiq etməli, anbarda məhsullar bitdiyi zaman bu məlumatlar avtomatik olaraq saytda öz əksini tapmalıdır: “Çünki istehlakçı artıq kart məlumatlarını daxil edir, hətta vəsaiti də ödəyir. Məhsulu anbardan götürüb aparmaq istədikləri vaxt görürlər ki, o, artıq tükənib. Elə sahibkarlar var ki, onların məhsulları olduqca az olur. Lakin onlar da məhsullarını hardasa satmalı, satış bazarlarına daxil olmalıdırlar. Dövlət Xidməti olaraq, bu məsələyə anlayışla yanaşsaq da, hesab edirik ki, hər bir halda anbarda olan məhsullar satış platformaları ilə tam eynilik təşkil etməlidir. Yəni satış platformasında say nisbətən az göstərilə bilər, anbarın bütün məlumatlarını bu platformaya ötürməyə o qədər də lüzum yoxdur, lakin olmayan məhsulun satışını elan etmək olmaz. Bəzən sonradan bəyan edirlər ki, məhsulu yox, digər oxşar məhsulu təklif edə bilərik. Amma bu da yanlışdır, istehlakçını çaşdırmaq olmaz. Onlara düzgün məlumat vermək lazımdır”.

İlhamə İSABALAYEVA