Özəlləşdirilmiş daha bir müəssisə yenidən qurulub

2023.04.13 10:02 (UTC+04:00)

Neftçala rayonunda yerləşən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı (əvvəlki S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu) investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, investisiya müsabiqəsinin qalibi “Azerbaijan Fish Farm” MMC üzərinə bir sıra öhdəliklər götürüb və artıq onların alğı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrası başa çatdırılıb.

Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri yaradılaraq, ümumilikdə işçilərin sayı 115-ə çatdırılıb. İnvestor tərəfindən müəssisədəki 34 nohur tam yenidən qurulub, yeni hovuzlar quraşdırılıb, su təchizat sistemi yenilənib, ərazi abadlaşdırılıb.

İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı yaradılıb.

Müəssisənin yenidən qurulması qida sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balıq və balıq məhsullarına olan tələbatının ödənilməsinə də şərait yaradır. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixrac edilir.

Qeyd edək ki, “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı 1 əsas və 2 yardımçı təsərrüfatdan ibarətdir. Neftçala rayonunun Yenikənd kəndində yerləşən əsas təsərrüfatın ümumi sahəsi 58,6 hektardır. Təsərrüfat nohurlardan, qapalı su çevrəsi su təchizatı sistemindən və müxtəlif hidrotexniki qurğulardan, su çökdürücü sistemlərdən ibarətdir. Hollandiyanın “HESY Aquaculture B.V.” şirkəti tərəfindən qurulan qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun tərkibini nəzarətdə saxlama sistemi və qurğularını özündə birləşdirir.