“Azərbaycanın vergi jurnalı”nın növbəti sayı işıq üzü görüb

2023.04.12 15:42 (UTC+04:00)

“Azərbaycanın vergi jurnalı”nın növbəti sayı işıq üzü görüb. “vergiler.az”ın məlumatına görə, jurnalın yeni sayında Azərbaycan, rus və ingilis dillərində elmi məqalələr dərc edilib.

Nəşrdə Vergi Məcəlləsinə dəyişikliklərin biznes və investisiya mühitinə təsirinə, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılmasına, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatının ƏDV-dən azad edilməsinə, idman yarışlarından əldə edilən mükafatlara verilən güzəştlərin artırılmasına, hibrid avtomobillərin idxal və satışına tətbiq olunan vergi güzəştinin müddətinin artırılmasına, idxal olunan əsas vəsaitlərin ƏDV-dən azad edilməsinə dair məqalələr yer alıb.

Jurnalda oxucular həm də qiymətli kağızlar bazarının iqtisadi artıma təsiri, ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin tətbiqi zamanı faktiki sahibliyin müəyyən edilməsi, dayanıqlı inkişafda vergi siyasəti, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərlə bağlı vergi qanunvericiliyinə dəyişikliklərin edilməsi, idxal ediləcək mallar barədə məlumatların vergi orqanına təqdim edilməsi və s. barədə elmi məqalələrlə tanış ola bilərlər.

Nəfis tərtibatda çap edilən “Azərbaycanın vergi jurnalı” 2003-cü ildən nəşr olunur. Jurnalın təsisçisi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir.