Daşkəsən arıçılarına fərdi aqrar məsləhət xidmətləri göstərilib

2023.04.12 14:18 (UTC+04:00)

“AzerGold” QSC-nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda ikinci ildir ki, həyata keçirilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün praktiki məşğələlər təşkil edilib.

QSC-dən “vergiler.az”a verilən məlumata görə, 4 gün ərzində rayonun Çovdar, Bayan, Quşçu kəndləri və Şadax yaşayış məntəqəsində fəaliyyət göstərən 32 fermerə təsərrüfat şəraitində fərdi aqrar məsləhət xidmətləri göstərilib.

Layihə çərçivəsində cəlb edilən məsləhətçilər fermerləri yüksək məhsuldar arı ailəsi yetişdirmək üçün kompleks tədbirlər barədə təlimatlandırıblar. Onlara damazlıq işinin düzgün təşkili, bal arısı cinslərinin və populyasiyalarının genofondunun qorunub saxlanılması, təkmilləşdirilməsi, həmçinin arı ailələrinə mütəmadi olaraq baytar-sanitar nəzarəti edilməsi, onlara sistemli klinik baxışın keçirilməsi, arıçılığa ziyan vuran xəstəliklərin müalicə və profilaktikası istiqamətində tövsiyələr verilib. Xəstəlik əlamətləri müşahidə edilən bəzi arıxanalardan analiz üçün nümunələr götürülüb.

Layihə çərçivəsində istehsalat prosesinin effektiv icrasına nəzarət edən mütəxəssislər tərəfindən arıçılıq təsərrüfatlarında mütəmadi monitorinqlərin aparılması nəzərdə tutulur. Layihənin növbəti mərhələsində təlimləri uğurla tamamlayan kənd sakinlərinə sertifikatlar, fərdi təsərrüfatların genişlənməsinə dəstək məqsədilə arı ailələri, o cümlədən müvafiq aktivlər təqdim ediləcək.

Qeyd edək ki, “AzerGold”un fəaliyyət göstərdiyi Daşkəsən rayonunda Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi Daşkəsən rayonunda kiçik sahibkarlıq ekosisteminin inkişafına və təbii bal istehsalının artırılmasına töhfə vermək, bununla da yerli icmaların sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaqdır.