Qazaxıstan Azərbaycandan meyvə-tərəvəz tədarükünü artırmaq istəyir

2023.04.11 12:16 (UTC+04:00)

Qazaxıstan Azərbaycandan meyvə-tərəvəz tədarükünün artırılmasını təklif edib.

vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin məlumat verib.

Onun sözlərinə görə, Manqistau və Atırau vilayətlərində bu məhsulların çatışmazlığı olduğu üçün onların tədarükünün artırılması təklif olunub.

"Bundan əvvəl biz ticarət-iqtisadi missiyalar həyata keçirdik, 25-30 milyon dollarlıq malların qarşılıqlı tədarükü barədə razılığa gəldik. Sonuncu ticarət-iqtisadi missiya çərçivəsində bu rəqəm 55 milyon dollar təşkil edib. Biz qənnadı məmulatlarının, akkumulyatorların, transformatorların tədarükü ilə bağlı müqavilələr imzaladıq. Uzun fasilədən sonra transformatorlarımız Azərbaycan bazarına qayıdır”, - deyə S.Jumanqarin qeyd edib.

O, Azərbaycan sahibkarlarının Qazaxıstana aktiv investisiya yatırmasını da qeyd edərək, Aktauda ümumi dəyəri 20 milyon dollar olan “A” kateqoriyalı terminal kompleksinin tikintisini nümunə göstərib.