Daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

2023.04.10 16:33 (UTC+04:00)

Daha 5 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 91-ə çatıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, Agentlik tərəfindən “Startap” şəhadətnamələri "Blink-Bİ" MMC-nin “Blink Business İntelligence” Müəssisə Resurslarının Planlaşdırılması üzrə proqram təminatı, "ND Opinions” MMC-nin “Autoreport” ikinci əl avtomobillər üçün məlumat bazası, “Frisaga” MMC-nin turizm və səyahət sahəsində xidmətlər təklif edənlər üçün onlayn platforması, "BlackOne" MMC-nin məhsul və xidmətlər üçün onlayn platforması və "BJ Technology" MMC-nin laboratoriyada istifadə edilən “HPLC” kolonlarının istehsalı və satışı layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla Agentliyin səhifəsindən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi