Xalid Kərimli: “ƏDV-nin geri qaytarılması tikinti sektorunun şəffaflaşdırılmasını genişləndirir”

2023.04.10 14:50 (UTC+04:00)

“ƏDV geri al” layihəsi pərakəndə ticarət, ictimai iaşə sektorunda hökumətin qarşıya qoyduğu məqsədlərə nail olmağa imkan verib. Həmin məqsədlərdən biri şəffaflaşmadır. İndi, demək olar ki, bütün müştərilər Dövlət Vergi Xidmətinin saytına inteqrasiya edilmiş onlayn kassa aparatlarından çek tələb edirlər”.

Bu fikri “vergiler.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib. Onun sözlərinə görə, çeklərin tələb olunması pərakəndə ticarət sektorunun rəsmiləşməsinə töhfə verir, digər həlqələrin şəffaflaşmasına müsbət təsir göstərir.

“ƏDV geri al” layihəsinin daha bir üstünlüyü nağdsız ödənişlərə marağı artırmasıdır. Əvvəllər nağd ödənişlərə görə ƏDV-nin 10%-i geri qaytarılırdı, bu ildən həmin göstərici 5%-ə endirilib. Əvəzində nağdsız ödənişlərə görə geri qaytarılan məbləğ 17,5%-ə qaldırılıb. Bu, vətəndaşları nağdsız ödənişlərə daha çox həvəsləndirir”, - iqtisadçı vurğulayıb.

X.Kərimli fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin qaytarılmasına da toxunub. Bildirib ki, layihənin əsas məqsədi daşınmaz əmlak sektorunda ödənişlərin rəsmiləşdirilməsinə nail olmaqdır: “Ödənişlərini rəsmiləşdirərək əmlak satan MTK-lar indi rəqabətdə digərlərindən üstün hüquqlara malik olurlar. Bununla da tikinti sektorunda şəffaflaşma genişlənir”.

X.Kərimli qeyd edib ki, bu, tikinti sektorunda qeyri-rəsmi dövriyyənin həcminin azalmasına, vergidən yayınmanın aşağı salınmasına imkan verəcək:

“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara milyonlarla manat vəsait qaytarılır. Bu, tikinti sektorunda inşaat materialları satan, eləcə də podratçı kimi çalışan vergi ödəyicilərinin dövriyyələrinin rəsmiləşdirilməsini zəruri edir. Yəni burada təkcə mənzilin özünün rəsmiləşdirilməsinə deyil, eyni zamanda mənzil tikintisində iştirak edən bütün qurumların dövriyyələrinin rəsmiləşdirilməsinə nail olunur. Bir sözlə, bu layihə ölkə iqtisadiyyatında qeyri-rəsmi uçotun həcminin aşağı düşməsinə, vergilərin yığımının artmasına səbəb olur”.

Xatırladaq ki, indiyədək fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə vətəndaşlara 5 milyon manatdan çox vəsait qaytarılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, ümumilikdə vergi orqanlarına vətəndaşlar tərəfindən 6 mindən çox müraciət daxil olub.


Fərqanə ALLAHVERDİQIZI