İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.
İnstitutdan “vergiler.az”a verilən məlumata görə, görüşdə Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ-nin, “AzerGold” QSC-nin, “Azərsuvenir” MMC-nin, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), İqtisadi Zonaların İnkişafı Agentliyinin, “Levata Group” MMC-nin, “Unique Group” MMC-nin, “Tac Gold” MMC-nin, “Shakh Filigree”, "Dr. Jeweler" şirkətinin nümayəndələri və fiziki şəxslər iştirak ediblər.
İclasda qiymətli metallar və qiymətli daşlar sahəsinin inkişafı istiqamətində görülən işlər, həmçinin Texniki Komitəyə təqdim edilən AZS ISO 8653:2023 "Zərgərlik məmulatları. Üzük ölçüləri, anlayışlar, ölçülər və adı" və AZS XXX:2023 "Gümüş külçələr. Texniki şərtlər" dövlət standartlarının layihələri müzakirə edilib.
Sonda dövlət standartlarının layihələrinin qəbul olunmaq üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilməsinə dair qərar verilib.