Beynəlxalq vergitutma sahəsində yeni çağırışlar müzakirə edilib

2023.04.06 15:03 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) vergi sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspertlər komitəsinin 26-cı sessiyası və beynəlxalq vergi sahəsində xüsusi iclası keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, tədbirlərdə Xidmətin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov iştirak edib.

İclaslarda son dövrlərdə beynəlxalq vergitutma sahəsində, xüsusilə transfer qiymətləri, elektron ticarətin vergiyə cəlb edilməsi, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər və onların tətbiqi ilə bağlı inkişaf etməkdə olan ölkələrin qarşılaşdıqları çətinliklər müzakirə edilib və onların həlli yolları barədə təkliflər səsləndirilib. Komitənin iclası çərçivəsində sözügedən məsələlər üzrə hazırlanmış hesabatlara müvafiq rəylər bildirilib.