Balaxanı Sənaye Parkının rezidenti Gürcüstan bazarına daxil olmağı planlaşdırır

2023.04.06 14:48 (UTC+04:00)

“Şirkətimiz Gürcüstan bazarına daxil olmaq üçün işlər aparmağı planlaşdırır”. Bunu “vergiler.az”a Balaxanı Sənaye Parkının rezidenti “Polimer Net Az Company” MMC-nin direktoru Afət Nəcəfov deyib.

Onun sözlərinə görə, daha əvvəl Rusiyaya məhsul ixrac etsələr də, pandemiyadan sonra ixrac həyata keçirilmir.

Sahibkar qeyd edib ki, 2017-ci ildən fəaliyyət göstərən “Polimer Net Az Company” MMC hazırda plastik torlar və plastik polimer materialların istehsalı ilə məşğuldur.

Dövlətin sahibkarlara göstərdiyi dəstəkdən olduqca məmnun qalan A.Nəcəfov qeyd edib ki, xüsusilə İqtisadiyyat Nazirliyi onlara fəaliyyətləri üçün çox böyük yardım edir: “İnvestisiya təşviqi sənədi əsasında xaricdən istehsal üçün lazım olan avadanlıqları idxal etmişik. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan iki dəfə kredit almışıq. İlk krediti fəaliyyətə yeni başlayanda almışıq. 200 min manat olan sonuncu güzəştli kredit 2022-ci ildə Azərbaycanda polimer məmulatları və plastik polimerden hazırlanan elektrik mallarının istehsalı layihəsinə görə verilib”.

A.Nəcəfov qeyd edib ki, istehsal üçün həm yerli, həm də xaricdən gətirilən xammaldan istifadə edilir.