İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında daha 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla da Sənaye Parkının rezidentlərinin sayı 35-ə çatıb.
İZİA-dan “vergiler.az”a verilən məlumata görə, yeni rezident “Az-Kom Servis” MMC Sənaye Parkının ərazisində tullantı yağının təkrar emalı nəticəsində SN 150, SN 350 və SN 500 markalı baza yağı, eləcə də bitum və dizel yanacağının istehsalını həyata keçirəcək.
Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti “Neo Project” MMC tərəfindən Sənaye Parkında müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsal edəcək müəssisə inşa olunacaq.
Sənaye Parkının daha bir rezidenti “Sakuraz Green Energy” MMC tərəfindən “Litium akkumulyatorlarının bərpası” layihəsi həyata keçiriləcək.
“Sakuraz Green Energy” MMC və “Neo Project” MMC tərəfindən istehsal olunan məhsulların daxil və xarici bazarlara satışı nəzərdə tutulur. “Az-Kom Servis” MMC-də istehsal edilən məhsullar isə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.