Biznes assosiasiyaları ilə görüşlər və əməkdaşlıq tədbirləri davam etdirilir

2023.04.05 17:21 (UTC+04:00)

İqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə Dövlət Vergi Xidməti (DVX) tərəfindən biznes assosiasiyaları ilə dialoq formatında görüşlər və birgə əməkdaşlıq tədbirləri davam etdirilir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, növbəti görüş Vergi siyasəti baş idarəsinin təşkilatçılığı, DVX-nin digər aidiyyəti strukturlarının, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilib. Onlayn formatda təşkil olunan tədbirdə sahənin vəziyyəti, sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı qarşılaşdıqları çətinliklərin həlli və sahənin inkişafı istiqamətində təkliflər müzakirə edilib. Görüşdə, həmçinin, tikinti materiallarının satışının və əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.