Ləğv prosesində olan bankların kreditorları üçün Kreditorların Elektron Portalı (public.adif.az) istifadəyə verilib.
Əmanətlərin Sığortalanması Fondundan “vergiler.az”a verilən məlumata görə, kreditorlar portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər.
Portala daxil olan hər bir istifadəçi öz “Müştəri kabineti”ndə ona aid məlumatların doğruluğunu yoxlaya, habelə əlavə edə (əlaqə vasitələri) bilər. Kreditorlar portal vasitəsilə hesabatlarla tanış olmaqla yanaşı, kreditlər üzrə təminat kimi yüklü edilmiş əmlakların girovdan azad edilməsi və vətəndaş qəbulu üçün tam şəffaf şəkildə, vaxtlarına qənaət edərək, onlayn şəkildə müraciət edə bilərlər.
Portal kreditorlar üçün məlumatların əlçatanlığının daha sadələşdirilmiş şəkildə təmin edilməsinə töhfə verəcək.