Daşkəsən rayonunda həyata keçirilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində “AzerGold” QSC-nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fermerlər üçün təlimlər təşkil edilib.
QSC-dən “vergiler.az”a verilən məlumata görə, 3 gün davam edən təlimin məqsədi kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılığın təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə verməkdir.
Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu kəndləri və Şadax yaşayış məntəqəsində fəaliyyət göstərən 32 fermerə layihə çərçivəsində cəlb edilən məsləhətçilər tərəfindən arılara yaz qulluğu, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə təlimlər keçirilib. Proqram çərçivəsində, həmçinin arıçılığa ziyan vuran xəstəliklərin müalicə və profilaktikası istiqamətində məlumatlılığın artırılması məqsədilə təlimat bukletləri paylanılıb.
Eyni zamanda KOBİA-nın Gəncə KOB İnkişaf Mərkəzinin cəlb etdiyi ekspertlər tərəfindən təlim iştirakçılarına sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, biznes fəaliyyəti üçün yaradılan əlverişli mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqında ətraflı məlumat verilib. Arıçılar üçün maliyyə resurslarına çıxış, subsidiyaların verilməsi, aqrar sığorta işinin təşkili mövzularında seminarlar təşkil edilib.
Layihənin növbəti mərhələsində arıxanalarda baytar-sanitar qaydalara uyğun işlərin aparılması, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması məqsədilə təsərrüfat şəraitində praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur. Təlimləri uğurla başa vuracaq kənd sakinlərinə sertifikatlar, fərdi təsərrüfatların genişlənməsinə dəstək məqsədi ilə arı ailələri, o cümlədən müvafiq ləvazimatlar təqdim ediləcək.