Gəncədə yeni intensiv və yarı-intensiv meyvə bağları salınıb

2023.03.31 14:47 (UTC+04:00)

İsrailin Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq Agentliyi (MASHAV), USAID/Azerbaijan və “Coca-Cola Azerbaijan”ın birgə layihəsi çərçivəsində Gəncədə - Azərbaycan Dövlət Aqrar Universitetinin Tədris-Təcrübə Təsərrüfatında intensiv və yarı-intensiv meyvə bağları nümayiş sahəsi salınıb.

vergiler.az” İsrailin Azərbaycandakı səfirliyinin məlumatına istinadən xəbər verir ki, 2,5 hektar sahədə 3400-dən çox alma, nar, gilas, şaftalı, nektarin ağacları əkilib.

“Ən qabaqcıl və səmərəli üsullardan istifadə edərək intensiv meyvə bağlarının salınması və idarə olunması ənənəvi meyvə bağlarından daha məhsuldar, səmərəli və dayanıqlı olacaq, universitetin tələbələri və işçi heyətinin praktiki bilik və bacarıqlar əldə etmələrinə imkan yaradacaq”, - məlumatda bildirilir.

Dirək sistemləri və müasir damlama suvarma sistemləri ilə təchiz edilən bu bağlar Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına dəstək verəcək ki, bu da kənd yerlərində gəlirlərin artırılması, güclü və dayanıqlı icmaların qurulması üçün olduqca vacibdir.