Dövlət idarələrində metroloji nəzarət tədbirləri davam etdirilir

2023.03.31 10:59 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət idarə, müəssisə və təşkilatlarında dövlət metroloji nəzarət tədbirlərini davam etdirir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, ötən ilin sentyabr ayından etibarən Dövlət Xidməti tərəfindən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azəriqaz” İB-nin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilir.

Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində ümumilikdə “Azəriqaz” İB-nin Metrologiya Departamentində 24 ölçmə vasitəsi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan 6 müəssisədə 121 ölçmə vasitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan 4 müəssisədə 95 ölçmə vasitəsi dövri yoxlamadan keçirilib.

Hazırda Dövlət Xidməti Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin sınaq laboratoriyasında, “Azərişıq” ASC, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan qurumlarda ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqləri davam etdirir.