İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) Türkiyə Katılım Banklar Birliyi (TKBB) ilə yeni anlaşma memorandumu imzalayıb.
İctimai Birlikdən “vergiler.az”a verilən məlumata əsasən, sənədin məqsədi Azərbaycanda İslam bankçılığı ilə bağlı real və ya virtual mühitlərdə birgə seminarlar, simpoziumlar, konfranslar və təlim proqramlarının təşkili, islam bankçılığı üzrə beynəlxalq qurumlarla qarşılıqlı əlaqələr üzrə vasitəçilik, İslam bankçılığı məsələləri üzrə rəsmi orqan və qurumlarla birgə müzakirələrin aparılmasıdır.
Memorandumda, həmçinin, SER nümayəndələrinin Türkiyənin İslam banklarında qısamüddətli təcrübələrinin tənzimlənməsi, Azərbaycan cəmiyyətinin İslam bankçılığı barəsində maarifləndirilməsi məqsədilə birgə broşürlərin, kitabların nəşri və yayılması nəzərdə tutulub.
Qeyd edək ki, bu addım 2016-cı ildə imzalanmış ilk anlaşma memorandumu çərçivəsində TKBB ilə səmərəli əməkdaşlığın davamıdır. Yeni memorandum çərçivəsində SER və TKBB ölkəmizdə İslam bankçılığının dəstəklənməsini, əhalinin bu istiqamətdə maarifləndirilməsini nəzərdə tutan layihələrdə əməkdaşlıq edəcəklər.