TDT ölkələri ilə ticarət dövriyyəsi 42,7 faiz artıb

2023.03.30 16:16 (UTC+04:00)

Ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrlə ticarət dövriyyəsi 42,7 faiz artaraq 7,2 milyard dolları ötüb.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bu rəqəmlər Macarıstanın paytaxtı Budapeştdə keçirilən TDT enerji nazirlərinin üçüncü iclasında səsləndirilib.

İclasda bu ölkələrin Azərbaycan iqtisadiyyatına 14,3 milyard dollar, Azərbaycanın isə bu dövlətlərə 21 milyard dollardan çox investisiya yatırdığı qeyd edilib.

Enerji əməkdaşlığının inkişafının əhəmiyyəti isə ölkələrin rifahı və Avrasiyada enerji təhlükəsizliyi aspektində dəyərləndirilib. Bildirilib ki, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyəyə 20,9 milyard kubmetr, Avropaya isə 22 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. Bu il gözlənilən 24,5 milyard kubmetr qaz ixracımızın 10,2 milyard kubmetrinin Türkiyəyə, 12 milyard kubmetrə yaxın həcmin isə Avropaya tədarükü nəzərdə tutulur.