Belarus bazarına qida məhsulları ixrac ediləcək

2023.03.30 16:10 (UTC+04:00)

Azərbaycanın qida məhsullarının bir neçə çeşidinin Belarus bazarına ixracı nəzərdə tutulur.

Bu barədə "vergiler.az"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov deyib.

Onun sözlərinə görə, Belarusun topdansatış şəbəkəsinin rəhbəri Andrey Drozdenlə Bakıda keçirilən görüş zamanı bu barədə ilkin razılıq əldə olunub.

“Görüş çərçivəsində keçirilən təqdimatların nəticəsi olaraq, qarşı tərəf müqavilə bağlayıb məhsulları almağa hazır olduğunu bildirib. Növbəti həftə Andrey Drozdenin rəhbərlik etdiyi şirkətin nümayəndələri ilə bərabər ölkəmizə daha bir səfəri nəzərdə tutulub ki, bu səfər çərçivəsində əməkdaşlıq müqavilələrinin bağlanılması gözlənilir”, - deyə A.Qədəşov qeyd edib.

Portalın rəhbəri əlavə edib ki, Belarus bazarına üç yerli şirkətin istehsal etdiyi məhsulların tədarükü nəzərdə tutulur. Söhbət, əsasən, qənnadı məmulatları, meyvə şirələri və şərablardan gedir.