İspaniya və Azərbaycan ikitərəfli münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı marağı nəzərə alaraq, əməkdaşlıq üçün yeni perspektivlər müəyyənləşdirməlidirlər.
Bunu “vergiler.az”a ispaniyalı iqtisadi və beynəlxalq analitik, geosiyasət eksperti Alexandro Kantarero deyib.
“Əməkdaşlığın yeni mərhələsində maraqlı perspektivlərdən biri turizm ola bilər, İspaniyanın bu sahədə təcrübəsi var və Ümumdünya Turizm Təşkilatının mənzil-qərargahı Madriddə yerləşir”, - o, qeyd edib.
Ekspertin fikrincə, iki ölkə arasında səyahətləri asanlaşdırmaqla, turizm infrastrukturuna sərmayə qoymaqla və turizmin davamlı inkişafı sahəsində qabaqcıl təcrübələri bölüşməklə turizmin təşviqində əməkdaşlıq edilə bilər.
"Qarşılıqlı əməkdaşlığın digər böyük perspektivli sahəsi infrastrukturun inkişafıdır. İspaniyanın infrastrukturun inkişafı sahəsində təcrübəsi Azərbaycanın nəqliyyat, loqistika və şəhərsalma imkanlarını təkmilləşdirmək üçün faydalı ola bilər", - Alexandro Kantarero əlavə edib.
Onun fikrincə, buna hər iki ölkənin dövlət və özəl sektorunun akademik institutları və təşkilatları arasında tədqiqat və təkmilləşdirmə sahəsində əməkdaşlığı inkişaf etdirməklə nail olmaq mümkündür.
Tamilla MƏMMƏDOVA