“ƏDV geri al” layihəsi ilə bağlı məlumatlandırma işləri davam etdirilir

2023.03.29 15:56 (UTC+04:00)

2023-cü ilin 1 yanvar tarixindən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, Vergi Məcəlləsinə bu dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı"nın əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da genişləndirilməsidir.

DVX təmassız ödəmələrdən istifadənin üstünlükləri, nağdsız ödənişlərin tətbiqinin səmərəliliyi barədə vətəndaşların maarifləndirilməsi üçün təbliğat işlərini davam etdirir. Bu istiqamətdə Bakı şəhərinin müxtəlif ərazilərində və regionlarda maarifləndirici posterlər quraşdırılıb. Vətəndaşların “ƏDV geri al” layihəsi barədə məlumatlılıq səviyyəsinin artırılmasına yönəlmiş tədbirlərin davamlı olması nəzərdə tutulur.