Azərbaycan Avropa üçün “yaşıl enerji”nin mühüm təchizatçısına çevriləcək

2023.03.28 15:08 (UTC+04:00)

Dünyanın ikinci ən böyük külək enerjisi potensialına malik Xəzər dənizindən “yaşıl enerji”nin Azərbaycandan başlayan, Gürcüstan və Qara dənizdən keçərək Rumıniya və Macarıstana ötürülməsini əhatə edən və geniş əməkdaşlıq tələb olunan layihə icra edilir.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bu sözləri nazir Pərviz Şahbazov “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniyanın 20-dən çox enerji şirkəti və biznes dairələrinin iştirakı ilə “Azərbaycan neft-qaz hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, yeni bir enerji resursunun təchizatı və marşrutunun layihəsi, Avropa İttifaqı tərəfindən dəstəklənir.

“İlkin mərhələdə 4 QVt-lıq enerjinin ötürülməsi nəzərdə tutulur ki, bununla da Azərbaycan Avropa üçün “yaşıl enerji”nin mühüm təchizatçısına çevriləcək. Bütün bunlar, həmçinin “yaşıl enerji” ilə bağlı Azərbaycanın potensial və planları Almaniyadan olan şirkətlərlə tərəfdaşlıq üçün də imkanlardır”, - deyə P.Şahbazov qeyd edib.